Aşağı Pirtikan – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Talin şəhərindən 9 km şimalda, Mastara kəndindən 2 km şimal-şərqdə, Mastara çayının yanında, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. Kəndin digər adı Türk Pirtikarı (Pirtikan Türk) olmuşdur.
Kənddə 1873-cü ildə 65 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 140 nəfər, 1904-cü ildə 153 nəfər, 1914-cü ildə 166 nəfər, 1916-cı ildə 157 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri – azərbaycanlılar deportasiya olunmuşlar və Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim qıpçaqların tikan etnonimi əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki “aşağı” sözü Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən söz kimi iştirak edir. Pir sözü isə dini məbəd mənasında işlənir. “Tikan tayfasının tikdiyi pirin yanındakı kənd” mənasını ifadə edir. Etnotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1940-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Zoraqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°28′ şm. e., 43°54′ ş. u.