Karvansara

Karvansara – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunun, indiki Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Alagöz dağının cənub ətəyində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 184 nəfər, 1908-ci ildə 140 nəfər, 1914-cü ildə 148 nəfər, 1916-cı üdə 288 nəfər, 1918-ci ilin yanvarında 210 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. 1920-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “dəvə dəstəsi” mənasında işlənən karvan sözü ilə türk dilində “ev, təsərrüfat tikilisi” mənasında işlənən “saray” sözünün birləşməsindən əmələ gələn karvansara sözündən yaranıb “özgə yerlərdən gələn karvanların və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları və minik vəsaitinin saxlanması üçün böyük həyəti olan, xüsusi binası olan kənd” mənasını ifadə edir. Toponim “ticarət yolu üzərində tikili bina” mənasında işlənən “karvansara” sözü əsasında əmələ gəlmişdir.