Bozburun – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Talin rayonunda, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Alagöz kəndindən 5 km şimal-qərbdə yerləşirdi. Kəndin adı “Bozbur” formasında da qeyd edilir.
Kənddə 1873-cü ildə 81 nəfər, 1904-cü ildə 100 nəfər, 1897-ci ildə 162 nəfər müsəlman kürdü yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Kənd 1920-ci ildə ləğv edilmişdir.
Toponim Azərbaycan dilində “çılpaq, otsuz, meşəsiz” mənasında işlənən “boz” sözü ilə, “irəliyə çıxan və ya quruya uzanan quru”, “dağ çıxıntısı, dağın qolu, qumlu təpə, sıldırım qaya”, “qurunun, dağın sivri bucaq şəklində düzünə tərəf uzanınış hissə” mənasında işlənən “burun” sözünün birləşməsindən əmələ gəlib “otsuz çılpaq dağ çıxıntısı, dağın qolu yaxınlığında, quruya uzanan yerdə olan kənd” mənasını bildirir.