Yuxarı Ağcaqala – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 40 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb tərəfində, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Kəndin başqa adı “Yuxarı Hacıqala” kimi də qeyd edilir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 354 nəfər, 1886-cı ildə 405 nəfər, 1897-ci ildə 489 nəfər, 1904-cü ildə 306 nəfər, 1914-cü ildə 406 nəfər, 1916-cı ildə 500 nəfər, 1918-ci ilin yanvarında 308 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevralında erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq kəndin köklü sakinləri azərbaycanlılar deportasiya olunmuş və 1915–1918-ci illərdə Türkiyənin Sasun, Muş və Bəyazid vilayətlərinin kəndlərindən və İraqın Mosul vilayətindən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişlər. Erməni müəlliflərinin əsərlərində tarixi faktlar saxtalaşdırılaraq 1831 və 1897-ci illərdə kənddə ermənilərin yaşadığı göstərilir və burada yaşayan azərbaycanlılar ermənilər kimi verilir.
Yaşayış məntəqəsinin adı Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə türk dilində “ağımtıl, bazumtul çöl, yer” mənasında işlənən ağca sözünə qala sözünün qoşulması əsasında əmələ gəlib “bozumtul torpaqda tikilən qalanın yanındakı yaşayış məntəqəsi” mənasını ifadə verir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Verin Bazmaberd” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°22′ şm. e., 44°01′ ş. u.