Siçanlı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 51 km şimal-qərbdə, Talin şəhərindən 25 km şərqdə, Alagöz dağının cənub-qərbində, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamışdır. Ermənilərin Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar tədricən kəndi tərk etmişlər.
Toponim oğuzlarin beydilli tayfasından olan “sincan” (→sıçan) etnoniminə mənsubluq bildirən “-lı” şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci fərmanı ilə adı dəyişdirilərək “Avtona”, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə yenidən dəyişdirilərək “Metsazor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°23′ şm. e., 44°03′ ş. u.