Mastara

Mastara – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 58 km şimal-qərbdə, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

1828–1830-cu illərdə Türkiyədən 138 erməni köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 7 nəfər, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim türk dilində “meşəsiz dağ”, “dağın cənub tərəfi” mənasında işlənən mes (mas) sözü ilə dərə (tara) sözünün birləşməsindən əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°26′ şm. e., 43°52′ ş. u.