Başsız (Baysız) – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 40 km şimal-qərbdə, Alagöz dağının cənubunda, İrəvan–Gümrü yolunun sağ tərəfində, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Kəndin adı mənbələrdə həm də “Baysız” kimi göstərilir.
Kənddə 1831-ci ildə 12 nəfər yalnız azərbaycanlı yaşamışdır. Sonralar XIX əsrin 40-50-ci illərində azərbaycanlılar tarixi torpaqlarından sıxışdırılıb çıxarılmış və kəndə Türkiyədən köçürülən yezidi kürdləri yerləşdirilmişdir.
Toponim türk dilində toponimiyada “dağ zirvəsi, təpə, çayın mənbəyi, böyük, əsas” mənalarında işlənən “baş” sözünə Azərbaycan dilində işlənən “-sız” şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Hazırda kənddə yezidi kürdləri və ermənilər yaşayırlar.
Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Otevan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°21′ şm. e., 44°03′ ş. u.