Soylan

Soylan – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd. Keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində şəhər. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 17 km cənub-şərqdə, Arpa çayının sol tərəfində, Keşişkənd (Yeğeqnadzor) – İstisu (Cermuk) yolunun üzərində, İrəvan şəhərindən 139 km məsafədə, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Soyulan”, Qafqazın beşverstlik xəritəsində “Soylan” kimi qeydə alınmışdır. Erməni və XIX əsr rus mənbələrində kəndin qədim adının “Soylanlı” olduğu göstərilir.

Burada 1831-ci ildə 58 nəfər, 1897-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır. XXəsrin əvəllərində, azərbaycanlılar sıxışdırılaraq qovulmuş və burayda ermənilər yerləşdirilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim söklən (→soylan) türk tayfası adından əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1956-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək əvvəlcə “Əzizbəyov”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Vayk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°41′ şm. e., 45°28′ ş. u.