Əyrivəng – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 12 km şimal-qərbdə, Göyçə gölünün qərb sahilində, dəniz səviyyəsindən 1940 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kənddə IX–X əsrlərə məxsus alban abidəsi – qala vardır və kəndin adı həmin qala adından götürülmüşdür.
Kənddə 1831-ci ildə 65 nəfər, 1873-cü ildə 326 nəfər, 1886-cı ildə 451 nəfər, 1897-ci ildə 545 nəfər, 1904-cü ildə 708 nəfər, 1914-cü ildə 896 nəfər, 1916-cı ildə 735 nəfər, 1918-ci ilin yanvarında 706 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuş və bura xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. 1926-cı ildə burada cəmi 1 nəfər, 1931-ci ildə 17 nəfər azərbaycanlı yaşamışdır. 1931-ci ildən sonra kənddə yaşayan azərbaycanlılar ermənilər tərəfindən sıxışdırıldıqları üçün qonşu Ağqala (Berdunk) kəndinə köçmüşlər. Həmin vaxtdan kənddə yalnız ermənilər yaşayırlar.
Toponim qədim türk dilində “ayrılmış” mənasında işlənən “ayrı” sözündən və məbəd mənasında işlənən “vəng” sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan prezidentinin 8 avqust 1991-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Hayravan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°26′ şm. e., 45°05′ ş. u.