Əylənli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 40 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində, dəniz səviyyəsindən 1730 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı həm də Aynalı, Ağlyanlı kimi göstərilir.
Kənddə 1873-cü ildə 196 nəfər, 1886-cı ildə 236 nəfər, 1897-ci ildə 308 nəfər, 1904-cü ildə 215 nəfər, 1914-cü ildə 228 nəfər, 1916-cı ildə 315 nəfər, 1918-ci ilin yanvarında isə 300 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış, sakinləri tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuş, Türkiyənin Muş vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim əylənli türk tayfa adı əsasında yaranmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Davtaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°22′ şm. e., 43°58′ ş. u.