Əştərək – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda kənd, hazırda isə Araqatsotn vilayətində şəhər və vilayətin mərkəzi. İrəvan şəhərindən 20 km şimal-qərbdə, Kasaq çayının yanında yerləşir. IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI–XIX əsrlərdə Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. 9 sentyabr 1930-cu ildə Ermənistan SSR-də yaradılan rayonun adını daşımışdır. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Karbi nahiyəsinin tərkibində Aştarak, Qafqazın beşverstlik xəritəsində “Əştərək” (Aştarak) kimi qeydə alınmışdır. Danışıq dilində “Həştərək” formasında işlədilir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.
Erməni alimləri Əştərək (Aştarak) toponiminin erməni dilində “qüllə” mənasında işlənən “aştarak” sözündən əmələ gəldiyi göstərirlər. Lakin Əştərək toponimi türk dilində “yüksək dağ keçidi” mənasında işlənən “aşu” (→aş) sözü ilə türk dilində “qırışıqlı dağ yüksəkliyi”, “parçalanmış daş qırıntıları” (çınqıl), “uca, çoxdişli (daraq şəkilli) dağ” mənasında işlənən “tarak” sözündən əmələ gəlmişdir.
Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Aştarak” kimi yazılır “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°18′ şm. e., 44°24′ ş. u.