Əşirabad

Əşirabad – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonu ərazisində, hazırkı Kotayk vilayətində mövcud olmuş kənd. Ərzini kəndinin yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1972-ci ildən Nairi rayonunun tərkibində olmuşdur.

Kənddə 1873-cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 180 nəfər, 1914-cü ildə 281 nəfər, 1916-cı ildə 277 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq didərgin salınmışlar. 1920-ci ildə kəndə ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır. 1926–1930-cu illərdə azərbaycanlılar zorla köçürülmüşdür. Kənd 1950-ci ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim tayfa mənasında işlənən “əşirət” sözü ilə (əşirət sözündəki “-ət” şəkilçisi ixtisar edilmişdir) “şəhər, kənd, yaşayış yeri” mənasında işlənən “abad” sözündən əmələ gəlmişdir.