Ərgəz

Ərgəz – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Keşişkəndin yaxınlığında, Ərgəzçayın və Axdərə çayının sahilində, Malışkə (Məlikşah) kəndindən 5-6 km məsafədə yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada 1831-ci ildə 193 nəfər, 1873-cü ildə 348 nəfər, 1886-cı ildə 479 nəfər, 1897-ci ildə 587 nəfər, 1904-cü ildə 745 nəfər, 1914-cü ildə 820 nəfər, 1916-cı ildə 758 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim qədim türk dilində “dağın gün düşən tərəfi” mənasında işlənən “er//ir” sözünün fonetik forması olan “ər” sözü ilə “gədiyin ən aşağı yeri” mənasında işlənən “gəz” sözünün birləşməsindən əmələ gəlmişdir.