“Vedi rayonu Şirazlı kəndindənəm. Ermənilər axşam vaxtı kəndimizdəki yanacaq doldurma məntəqəsində toplaşdılar. Bəlkə də yüzdən çox maşın var idi. Hər maşında azı 5-6 nəfər əyləşmişdi. Kəndə girməyə ehtiyat edirdilər. Kənddə bir Abış əmidə, bir də məndə odlu silah (qoşa lülə tüfəng) var idi. İstədim ki, fişəngi partladım, Abış əmi icazə vermədi. Mən fişəngi partlatdım və ermənilər geri çəkildilər. Daha sonra biz getdik Araz qırağına və növbələşərək kəndimizin mühafizəsini təşkil etdik. Onların məqsədi bizi qorxudub, öz ata-baba torpaqlarımızdan çıxartmaq idi. Daha sonra isə hökümətin də dəstəyini alaraq insanları vəhşicəsinə öldürməyə başladılar. Evlərimizi dəyişdirən vaxtı isə real qiymətə dəyişdirə bilmirdik. Mal-qaramız, avtomobillərimiz hamısı kəndimizdə qaldı, gətirə bilmədik. Kənddən çıxan zaman ilk dəfə Naxçıvana getdik. Naxçıvanda isə güzəran zəif olduğu üçün maddi sıxıntı çəkməyə başladıq. Naxçıvanda 4 il 4 ailə bir otaqda yaşamağa başladıq. Naxçıvandan sonra Xaçmaz rayonun Müşkül kəndinə gəldik. Xaçmazda bir müddət kəndin klubunda yaşadıq. Qohumlardan daha əvvəl Xaçmaza gəlib yaşayan var idi deyə biz də Xaçmaza gəldik. Qardaşım və dayılarım 1960-cı illərdə gəlmişdilər. Onlar da orada yola gedə bilmədikləri üçün Xaçmaza köç ediblər. Biz orada yaşayan zaman azərbaycanlı şagird və tələbələr çalışqan idilər. Lakin buna baxmayaraq iş yerləri ayrılmırdı, vəzifədə çalışan azərbaycanlılar yox idi. Qəbiristanlığımızdakı qədim qəbir daşlarını günü-gündən məhv edirdilər və sayını azaldırdılar. Ermənilər bizim torpaqlara sonradan gəldilər və sayları çox az idi. İlk gələn vaxtlar neçə erməni evsiz şəraitdə olduğu üçün istənilən yerdə yaşayırdı. Daha sonra dövlət dəstək oldu və sayları birdən-birə artmağa başladı. Bizə Qarabağın ermənilərə verilməsi üçün kağız imzaladırdılar. Bunun qarşılığında vəsait və ərzaq təklif edirdilər. Orta məhəllədə bir Volqa markalı avtomobil gecə vaxtı ermənilərə odlu silah paylayırdı.”