Əliqırıq – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Qəmərli rayonuna daxil olan Böyük Gilanlar kəndindən 10 km cənub-qərbdə, Əliqırıq bulağının yaxınlığında, Pirdağı dağının ətəyində yerləşmişdir. 1930-cu ilin əvvəllərində keçmiş Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur. Adı 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə qeydə alınmışdır. Erməni mənbələrində Əliqrağı, Əlikrık formalarında qeyd edilir.
Kənddə 1873-cü ildə 110 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 251 nəfər, 1904-cü ildə 202 nəfər, 1914-cü ildə 253 nəfər, 1916-cı ildə 355 nəfər, 1918-ci ilin yanvarında 202 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 55 nəfər azərbaycanlı yaşamışdır. 1929–1930-cu illərdə xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1931-ci ildə 46 nəfər azərbaycanlı, 79 erməni, 1959-cu ildə 90, 1962-cı ildə 62 nəfər əhali (əksəriyyətini azərbaycanlılar təşkil etmişdir) yaşamışdır.
Toponim əfşar türk tayfasına məxsus “qırıqlı” etnonimi əsasında formalaşıb, “Qırıqlı tayfasından olan Əliyə məxsus kənd” mənasını ifadə edir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək “Blaraşen” qoyulmuşdur. 1962-ci ildən sonra azərbaycanlılar kənddən köçürülmüş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.