Əlikiçik

Əlikiçik – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 18 km şimal-qərbdə, Abaran çayının sağ tərəfində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Əli kiçik”, Qafqazın beşverstlik xəritəsində “Əli qoçaq” formasında qeydə alınmışdır. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Əli kuşak” formasında da qeyd edilir.

Ermənilər kəndə 1828–1829-cu illərdə Türkiyənin Muş, Ələşkirt, Bəyazid, Ərzurum və İranın Maku vilayətlərərindən köçürülüb yerləşdirilmişlər.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Faruk Sümər qeyd edir ki, Zəngilər dövlətinin türkmən əmirlərindən biri də Zeynəddin Əli Küçük (kiçik) idi. Belə qənaətə gəlinir ki, kəndin adı həmin şəxsin adını özündə əks etdirir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Kuçak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°31′ şm. e., 44°23′ ş. u.