Ələyəz

Ələyəz – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd şəhərindən 19 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun su çayının sahilində, dəniz səviyyəsindən 1580 m hündürlükdə yerləşir. yerləşir. Kəndin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Ələyəz”, Qafqazın beşverstlik xəritəsində Alagöz, “Сборник сведений о Кавказе” toplusunda “Alagöz” və “Alayaz” formalarında qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində “Alayaz”, “Alagəz”, “Alagöz” kimi yazılır. Kəndin ilkin və əsl adı “Alagöz”dür. Burada XI–XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr vardır. Kəndin adına V əsr mənbələrində rast gəlinir.

Kənddə 1831-ci illərdə 32, 1873- ü ildə 223, 1886-cı ildə 356, 1897-ci ildə 412, 1904-cü ildə 524, 1914-cü ildə 576, 1916-cı ildə 322, 1919-cu ildə 97 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-1919-cu illərdə kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri doğma evlərinə dönmüşdür. Burada 1922-ci ildə 180 nəfər azərbaycanlı, 91 erməni, 1926-cı ildə 267, 1931-ci ildə 353 nəfər, 1959-cu ildə 499, 1970-ci ildə 884, 1979-cu ildə 963 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır.

Toponim “alagöz” türk etnonimi əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863-cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir.

Ələyəz kəndindən 600-700 m aralıda XIV əsrə aid Əxi Təvəkkül Zaviyəsi yerləşir. Kəndin ərazisində həmçinin üzərində qədim yəhudi və arami dilində yazılar həkk edilən bir neçə qəbir daşları mövcuddur.

Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 3 aprel 1991-ci il tarixli qərarı ilə kənd “Yeğegis” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°51′ şm. e., 45°21′ ş. u.