Əkərək

Əkərək – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 12 km şərqdə, dəniz səviyyəsindən 1025 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Erməni müəlliflərinin əsərlərində, Qafqazın beşverstlik xəritəsində “Aqarak” formasında qeydə alınmışdır. XII–XIII əsr mənbələrində adı çəkilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.

Yaşayış məntəqəsinin adı türk mənşəli “əkər” etnoniminə “-ək” şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Aqarak” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°12′ şm. e., 46°32′ ş. u.