Əkərək

Əkərək – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 6 km şimal-qərbdə, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Əyrək” kimi, “İrəvan əyalətinin icmal dəftəri”ndə “Əyərək”, Qafqazın beşverstlik xəritəsində “Əkərək” (Aqarak) kimi qeydə alınmışdır. Adı XVI əsrin əvəllərindən çəkilir.

Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə 603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914-cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919-cu ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır. “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə 603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı və ya erməni olduğu göstərilmir. 1919-cu ilin əvvələrində kəndin sakinləri ermənilərin tacavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər bura Türkiyənin Van, Qars, Bitlis bölgələrindən 1918–1919-cu illərdə köçürülmüşdür. Azərbaycanlılar öz kəndlərinə İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra qayıda bilmişdilər. Burada ermənilərdən başqa 1922-ci ildə 72 nəfər, 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 32 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar tarixi-etnik torpaqlarından çıxarılıb zorla Azərbaycana köçürülmüşlər. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

XVI və XVIII əsrlərə aid tarixi mənbələrdə kəndin adının “Əyrək”, “Əyərək” formalarında qeyd olunmasına istinad edib bu qənaətə gəlmək olar ki, toponim “Kitabi-Dədə Qorqud” dastanlarında (X boyda) adı çəkilən Əgrək şəxs adı əsasında əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Aqarak” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°18′ şm. e., 44°16′ ş. u.