Əkərək

Əkərək – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 6 km şimal-qərbdə, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. Kəndin digər adı “Xaraba Əkərək” olmuşdur.

Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 301 nəfər,1886-cı ildə 367 nəfər, 1897-ci ildə 482 nəfər, 1904-cü ildə 284 nəfər, 1914-cü ildə 301 nəfər, 1916-cı ildə isə 601 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq kəndin köklü sakinləri olan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və 1920-ci ildə Türkiyənin Van, Muş, Bitlis, Sasun vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakmiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 12 nəfər azərbaycanlı yaşamışdır. 1924-cü ildə onlar yenidən tarixi torpaqlarından qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “əkər” türk etnonimi əsasında əmələ gəlmişdir.

Hazırda erməni dillində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Aqarak” kimi yazılır . “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°20′ şm. e., 44°04′ ş. u.