Əcili

Əcili (Acılu) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 14 km şimal-qərbdə, Oxçuçayın sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşirdi. Erməni mənbələrində “Acılu”, “Acrlu”, “Acrli”, “Tunis Acilu” formalarında qeyd edilir.

Kənddə 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914-cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər, 1959-cu ildə 69 nəfər azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “acurlu” (acılu) türk etnonimi əsasında əmələ gəlmişdir.