Əxili

Əxili (Axılı) – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Paşalı (Əzizbəyov, Vayk) yaşayış məntəqəsindən 7 km cənub-qərbdə, Arpa çayının sahilində yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır. Azərbaycandilli mənbələrdə kəndin adı “Ağıllı”, “Əxili” formalarında qeyd edilir.

Kənddə 1831-ci ildə 11 nəfər, 1873-cü ildə 23 nəfər, 1886-cı ildə 39 nəfər, 1897-ci ildə 38 nəfər, 1904-cü ildə 36 nəfər, 1914-cü ildə 36 nəfər, 1916-cı ildə 50 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuş və kənd xarabalığa çevrilmişdir.

Toponim “dərviş icmasının adı” mənasında işlənən “əxi” sözünə “-lı” şəkilçisinin qoşulmasından əmələ gəlmişdir.