Ərtik

Ərtik – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində şəhər. Vilayət mərkəzi Gümrü şəhərindən 20 km cənub-şərqdə, Alagöz dağının şimalında, dəniz səviyyəsindən 1750 metr hündürlükdə yerləşir. İlk dəfə VII əsrdə bir mənbədə adı çəkilir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1924-cü ilə kimi Aleksandropol qəzasına tabe idi. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 oktyabr 1938-ci il tarixli fərmanı ilə bura qəsəbə statusu verilmişdir.

Tarixən burada azərbaycanlılar yaşamışdır. Ermənilər bura 1829–1830-cu illərdə Türkiyənin Ərzurum və Qars vilayətlərindən köçürülümüşdür.

Ermənilər toponimin erməni dilində kişi mənasında işlənən “ayr” sözü ilə fars dilində “yuxarı, yüksək” mənasında işlənən “tik” sözündən əmələ gəldiyini göstərirlər. Əvvəlcə onu qeyd edək ki, “tik” fars sözü yox, əsl Azərbaycan sözüdür. Toponim qədim türk dilində “dağ keçidi”, “dağ, dağlıq” mənasında işlənən “art” sözünə “-ik” şəkilçisinin artırılması ilə düzəlmişdir. “-ik” şəkilçisi qədim türk dilində məkan anlayışı bildirən isimlərə də qoşulmuşdur. Buna VII–XIII əsrlərə aid qədim türk abidələrində rast gəlinir. Artik dağlıq yerdə yerləşir. Deməli, oykonimin adı əraziyə uyğun verilmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°37′ şm. e., 43°57′ ş. u.