Əmirxeyir

Əmirxeyir – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Qaraqoyunlu dərəsində, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 101 km şimalda, dağlıq, meşəlik ərazidə, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Əmirxer”, “Əmirxeyir”, “Əmirxir”, “Əmirxer” formalarında da qeyd edilir.

Kənddə 1897-ci ildə 161 nəfər, 1919-cu 151 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin mart ayının axırlarında kəndin sakinləri erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq qırğınlara məruz qalaraq qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənddən qovulmuş azərbaycanlılar doğma ocaqlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 216 nəfər, 1931-ci ildə 250 nəfər, 1939-cu ildə 295 nəfər, 1970-ci ildə 715 nəfər, 1979-cu ildə 720 nəfər, 1987-ci ildə 500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24–28-də Ermənistan dövləti kəndin sakinlərini tarixi-etnik torpaqlarından deportasiya etmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim Əmir şəxs adı ilə türk dilində “sıldırım”, “qaya”, “sıldırımlı qaya” mənasında işlənən “kayır//kair”, “xayr” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan Respublikasının prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Kalavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°39′ şm. e., 45°07′ ş. u.