Əliquluşen

Əliquluşen – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində kənd. Gorus şəhərindən 8 km şərqdə yerləşir. Kəndin başqa adı “Əliqulukənd”, “Aşağı Əliqulu”, “Əliquluuşağı” olmuşdur. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, 1831-ci ildə ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kənd Əliqulu adlı şəxs tərəfindən salındığı üçün “Əliquluşen”, “Əliqulukənd” adlanmışdır.

Toponimin birinci komponenti Əliqulu şəxs adından, ikinci komponenti türk dilində “tikinti, kənd, oba, yurd” mənasında işlənən “şen” sözündən ibarətdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1940-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Azataşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°29′ şm. e., 46°25′ ş. u.