Əliməmməd Qışlağı

Əliməmməd Qışlağı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, indiki Ararat və Geğarkunik vilayətlərinin ərazisində mövcud olmuş kənd. Avşar kəndindən cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 102 nəfər, 1873-cü ildə 607 nəfər, 1886-cı ildə 691 nəfər, 1897-ci ildə 965 nəfər, 1904-cü ildə 990 nəfər, 1914-cü ildə 1089 nəfər, 1916-cı ildə 850 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində kəndi tərk etmək məcburiyyətində qalmış, əhalisi bir müddət İran ərazisində sığınacaq tapmışdır. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz doğma torpaqlarına qayıda bilmişlər. 1922-ci ildə 293 nəfər, 1926-cı ildə 267 nəfər, 1931-ci ildə 373 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. Bundan sonra kənd ləğv edilimişdir. Hazırda xarabalıqdır.

Toponim Əliməmməd şəxs adı ilə türk dilində “qış vaxtı yaşayış məntəqəsi”, “daimi yaşayış məntəqəsi”, “kənd”, Azərbaycan dilində “qoyun və başqa ev heyvanlarının gətirilib saxlandığı mötədil havalı və otlaqlı qışlama yeri” mənasında işlənən “qışlaq” sözünün birləşməsindən əmələ gəlmişdir.