Dövrünün tanınmış siyasi və ictimai xadimi Əkbər ağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Orta təhsilini İrəvan gimnaziyasında başa vurduqdan sonra 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olmuş, 1917-ci ildə Rusiyada Fevral inqilabından sonra ali təhsilli mütəxəssis kimi vətənə qayıtmışdır.
1918-ci ilin fevralında Ә.Şeyxülislamov Zaqafqaziya Seyminin üzvü seçilmişdir. O, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq olunmuş Müsəlman fraksiyasının tərkibindəki “Hümmət” partiyasına daxil olmuşdur. Ә.Şeyxülislamov Zaqafqaziya Seymi tərəfindən Türkiyə hökuməti ilə sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-də yaradılmış nümayəndə heyətinin tərkibinə daxil olmuşdur. O, həmçinin Zaqafqaziya hökumətində daxili işlər nazirinin müavini vəzifəsini icra etmişdir.
Ә.Şeyxülislamov 1918-ci il mayın 28-də qəbul edilən Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biri olmuşdur. O, Fətəli xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinəsində əkinçilik naziri vəzifəsini tutmuşdur. 1918-ci il dekabrın 7-də Bakıda açılmış Azərbaycan parlamentinə üzv seçilmiş, parlamentdə sosialist fraksiyasının tərkibinə daxil edilmişdir.
Ә.Şeyxülislamov görkəmli siyasi və ictimai xadim Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Azərbaycan Respublikasının nümayəndə heyəti tərkibində 1919-cu ildə açılacaq Versal sülh konfransında iştirak etmək üçün Parisə yola düşmüş və 1920-ci ilin aprelində Azərbaycan müstəqilliyini itirdikdən sonra orada qalmışdır.
Əkbər ağa Şeyxülislamov 1920-ci illərdə Azərbaycandan II İnternasionalın üzvü olmuşdur. Onun İkinci Dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Azərbaycan” jurnalının 2-ci sayındakı “Azərbaycan necə quruldu” adlı məqaləsi bu gün də öz aktuallığını saxlayır.
Əkbər ağa Şeyxülislamov 1961-ci il martın 2-də vəfat etmiş və Paris yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur.
Nazim Mustafa
Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı