Əhməd Cəmil

Əhməd Səttar oğlu Cəmilzadə (Əhməd Cəmil) 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində sənətkar ailəsində doğulmuşdur. İbtidai və orta təhsilini Gəncədə almışdır.

Onun “Gözəl Qafqaz” adlı ilk şeiri 1928-ci ildə “Qızıl Gəncə” jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Sonra Bakıda Ali Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930–1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933–1936), sonra Gəncədə (1936–1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçılar İttifaqında poeziya bölməsində məsləhətçi, “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940–1942).

İkinci Dünya müharibəsi illərində Əhməd Cəmil Şimali Qafqaz və Krım cəbhə qəzetləri redaksiyalarında çalışmışdır (1942–1943). O, 1944–1948-ci illərdə Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi vəzifəsində işləmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə “Ədəbiyyat qəzeti”ndə müvəqqəti redaktor işləmişdir. “Azərnəşr”də baş redaktor, redaktor (1953–1955), Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsləhətçi (1956–1959), “Azərbaycan” jurnalının redaktoru (1959–1960), “Azərnəşr”in baş redaktoru (1962–1963), “Gənclik” nəşriyyatında redaktor (1964–1967), “Ulduz” jurnalında baş redaktor işləmişdir (1973–1977). Rus, gürcü, ukrayn, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr etmişdir.

Əhməd Cəmil 1977-ci ildə Bakıda vəfat etmişdir. Ölümündən sonra, 1980-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.

Nazim Mustafa
Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı